Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QANLI YANVAR

0






  •  Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır.

    H.Ə.Əliyev



    Azərbaycanda işğalçılara qarşı azadlıq hərəkatı getdikcə güclənirdi. O zaman SSRİ-nin tərkibində olan başqa xalqlar da müstəqilliyə can atırdılar. Lakin SSRİ-nin heç bir yerində azadlıq mübarizəsi Azərbaycandakı qədər güclü getmirdi. Azərbaycanda azadlıq hərəkatı zülmə, haqsızlığa qarşı açıq mübarizə idi. Yüz minlərlə, milyonlarla adam Azadlıq meydanını tərk etmirdi. Yurdumuzun azad olunacağı gün uzaqda deyildi.

    Sovet dövlətinin rəhbərləri bununla heç cür razılaşa bilmirdilər. Çünki işğalçılar Azərbaycana "yağlı tikə" kimi baxırdılar. Azərbaycanın itirilməsi Rusiya üçün hər şeydən əvvəl Azərbaycanımızın zəngin sərvətlərinin – neftinin,
    pambığının, ipəyinin,
    üzümünün, balığının, kürüsünün, yüzlərlə sənaye müəssisələrinin əldən çıxması demək idi. Azərbaycanın Rusiya üçün əhəmiyyəti, həm də ondan ibarət idi ki, yurdumuz Şərq ölkələri ilə əlaqə saxlamaq üçün çox əlverişli mövqedə yerləşirdi. Bundan başqa əgər Azərbaycanda azadlıq hərəkatı qalib gəlsəydi, başqa respublikalarda da SSRİ-dən ayrılmaq uğranda müstəqillik hərəkatı güclənərdi. Odur ki, M.Qorbaçov başda olmaqla Kremldəkilər cürbəcür hiylələrə əl atırdılar.

    Artıq iki il idi ki, Azərbaycanla Ermənistan arasında münaqişə davam edirdi. Ölkəmizin başçısı Heydər Əliyevin dediyi kimi, SSRİ-nin rəhbərləri bu respublikalar arasında münaqişəni iki ildə yoluna qoyub həll edə bilərdilər. Lakin onlar, xüsusilə M.Qorbaçov bu barədə heç bir faydalı tədbir görmədilər. Azərbaycanın rəhbərləri də Dağlıq Qarabağla əlaqədar vəziyyəti yaxşılaşdırmaq üçün heç nə etmədilər.

    SSRİ-nin və Azərbaycanın rəhbərləri xalqımızın azadlıq hərəkatına qarşı gizlində qanlı cəza tədbirləri hazırlayırdılar. Onlar Bakını qan içində boğmaq qərarına gəlmişdilər. Hər yerdə bu sözlər tez-tez eşidilirdi: "Bakıya qoşun gəlir!"

    Xalqın həyəcan və nigarançılığını artıran bir də bu idi ki, şəhərdəki xəstəxanalar boşaldılır, çoxlu boş çarpayılar hazırlanırdı. Artıq hamıya aydın olmağa başlayırdı ki, nəsə qorxunc bir hadisə baş verəcəkdir.

    Yanvarın 19-da axşam şəhərdə həyəcan daha da artdı. Hamı bir məsələ haqqında danışırdı: "Qoşun,
    tanklar artıq şəhərə çatmaqdadır. Şəhər əhalisi yenə də növbə yerinə gedir, mitinqlərə toplaşırdılar. Axşam televiziya verilişi birdən kəsildi. Məlum oldu ki, televiziyanın enerci bloku sovet hərbiçiləri tərəfindən qəsdən partladılmışdı.

    Axşamdan xeyli keçmiş şəhərin kənarlarından atəş səsləri eşidilməyə başladı. İşıq saçan güllələr Bakının səmasını bürümüşdü. Tankların, zirehli hərbi maşınların uğultusu, top səsləri ara vermirdi. «Yəqin havaya atırlar», – öz evlərinin pəncərəsindən şəhəri seyr edənlər belə düşünürdülər.

    Küçə və meydanlarda qırğın gedirdi. Dəhşətlər törətmiş qanlı bir qırğın! Qarşılarına çıxan hər şeyi xıncım-xıncım edən tanklar saysız-hesabsız insan kütlələrinə yaxınlaşanda avtomatlar işə düşürdü. Silahsız xalq-qoca, cavan, qız-gəlin, uşaqlar güllə selinin altında hara gəldi qaçır, gizlənməyə yer axtarırdılar. Qeyrətli həmvətənlərimiz - elektrik şəbəkələrinin işçiləri xalqı xilas etmək üçün bəzi yerlərdə işıqları söndürdülər. Lakin bu da silahsız xalqa kömək etmədi. Tanklar, zirehli hərbi maşınlar procektorlarını yandırdılar, xalqı gülləboran etməkdə davam etdilər.

    Şəhərin küçələri yüzlərlə günahsız adamların - qocaların, qadınların, uşaqları qanına qərq olmuşdu. Yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmiş, şəhid olmuş və həbs edilmişdi.

     Yanvarın
    22-si dəfn günü idi. Ölkəmizdə 3 günlük matəm elan olunmuşdu. Xalqımız yas içərisində idi. «Azadlıq» meydanında keçirilən matəm mitinqinə 2   milyona yaxın adam gəlmişdi. Xalq ayağa durmuşdu, daha qandan qorxmurdu.

    20 Yanvar şəhidləri 1918-ci il mart soyqırımı qurbanlarının uyuduqları yerdə dəfn edildilər. Bu yer hazırda "Şəhidlər xiyabanı" adlanır.

    Xalqımızın bu ağır günündə Heydər Əliyev xəstə olmasına və təqib edilməsinə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqına başsağlığı verdi. O, Bakıya qoşun yeridib xalqa divan tutduğu üçün SSRİ-nin, Azərbaycan SSR-in rəhbərlərini kəskin tənqid etdi. Heydər Əliyev Bakıda qanlı qırğın törədənlərin hamısının cəzalandırılmasını tələb etdi.


    Bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı xalqımızın həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət verirdik. Həmin gün qara gün kimi tariximizə düşsə də xalqımızın oyanış, dirçəliş günü kimi də qeyd olunmalıdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib40 dəfə
    QANLI YANVAR

    Maraqlı gələ bilər
    53
    43
    53